26.12.10

- Metroda son qiymət artımından sonra açıqlama verdiniz ki, burada Tağı Əhmədovluq bir iş yoxdur. Ancaq Tarif Şurasına da müraciət edən sizsiniz...


- Bəli. 


- Əlbəttə ki, Tarif Şurasına müraciət etmək mənim borcumdur. İndi mənə deyin görüm, “Yeni Müsavat”ın satış qiyməti neçəyədir?


- 40 qəpik.

- Lap yaxşı. Tutaq ki, “Həzi Aslanov” metro stansiyasından “Memar Əcəmi”yə kimi gedirsən və 20 qəpik verirsən. İndi özünüz deyin, bu, heç insafdandır?

- Bunun insaflı və ya insafsız olmasını kənara qoyaq. Siz deyirsiniz ki, metroda gediş haqqının bahalaşması sizlik deyil.

- Mən heç vaxt elə söz deyə bilmərəm. Sadəcə olaraq, Tarif Şurasına müraciət etmək mənim borcumdur və hər ay da mən gediş haqqının artırılması üçün bu quruma müraciət edirəm. Çünki MDB ölkələri içində ən ucuz gediş haqqı olan metro bizdədi. 1989-cu ildən bəri bir dənə də olsun vaqon təmirə göndərə bilmirəm. Buna da səbəb maliyyə çatışmazlığıdır.

- Metropolitenin büdcəsi nə qədərdir və büdcənin neçə faizini dövlət dotasiyası təşkil edir?

- Büdcəyə nə versələr ondan asılıdır. Yəni illik hesabat təsdiq olunur və bu, rüblərə bölünür. Buna əsasən də dotasiya verilir.

- Metroda bir nəfərin daşınma xərci ilə bağlı mübahisəli vəziyyət yaranıb. Siz son açıqlamanızda bir nəfərin daşınma xərcinin 72 qəpik olduğunu demişdiniz. Ancaq bir qədər öncə metropoliten rəhbərliyi bu göstəricinin 55 qəpik olduğunu deyirdi. Müstəqil ekspertlər isə bu rəqəmin 27 qəpik olduğunu deyirlər. Siz bir nəfərin daşınma xərcini hansı kriteriyalarla hesablayırsınız?

- Biri var daxili hesablama. Yəni dövlət nə qədər vəsait versə mən lazım olan işlərin hamısını həll edə bilərəm. Bu gün 40-45 vaqon təmir olunmalıdır. Vəsait olmadığı üçün məcburam ki, bu vaqonları orta təmir etdirib xəttə buraxdırım. Digər tərəfdən də hər bir sərnişinin daşınma xərci verilən subsidiyadan asılıdır. Hazırda bu subsidiya 53 qəpikdir. Bir sözlə, bir sərnişinin gediş haqqı verilən subsidiyaya görə hesablanır. Mən yenə deyirəm ki, gecə məni yuxudan oyatsalar da, bunu təkrarlayacam: bir sərnişinin daşınma xərci 72 qəpiyə başa gəlir. Gəlin, bir şeyi başa düşək ki, burada artım Tağı Əhmədovluq deyil, mən icraçıyam. Bu hesabatları aparmaq mənim vəzifəmdir. Ekspertlərin dediyi 27 qəpiyin isə heç bir əsası yoxdur. Həmin ekspertlər məndən heç bir rəqəm istəməyiblər. Onlar səhv bilirlər.

- Yəni sizə də kimsə deyir ki, Tarif Şurasına müraciət edin?

- Əlbəttə yox. Bu mənim vəzifə borcumdur.

- Dünya şəhərlərində gediş haqqının Bakı ilə müqayisədə çox baha olduğunu deyirsiniz, ancaq xidmətin səviyyəsi ilə bağlı da kəskin disbalans var. Məsələn, xaricdə metropoliten işçilərinin əmək haqqı bir neçə dəfə yüksəkdir, qatarlar arasında interval cəmi 30 saniyədir, Bakı Metropolitenində isə ən yaxşı halda 4-5 dəqiqə gözləmək lazım gəlir və sair. Niyə yalnız gediş haqqını artırmaq üzərində düşünürsünüz, xidmətin səviyyəsini artırmaq barədə yox?

- Xeyr. Siz tamamilə səhv bilirsiniz. Əvvəla, kim ki, bizdəki intervalın xaricdəki ilə müqayisədə çox olduğunu deyirsə, səhv edir. Bizdəki qatarlar arasında interval 2 dəqiqədir. Bu yöndə biz dünya ölkələri ilə bərabər addımlayırıq, hətta deyərdim bir az da qabaqda gedirik. Sizə metronun pik saatlarında qatarlar arasındakı intervalı deyim. Deməli, saat 19:00-21:00 arasında “Həzi Aslanov” və “28 May” metro stansiyalarında interval 1,5-2 dəqiqə götürülür.

- Niyə bu interval bütün sutka ərzində olmur?

- Niyə? Misal üçün, bu gün sizin qəzet satılmır və xərci-borcunu ödəmir. İndi mənə deyin görüm, siz sabah bu qəzeti çıxararsınız? Əlbəttə yox. Metroda hər gün 22:00-00:00 arasında sərnişin az olur. Mənə lazımdır ki, intervalı 2 dəqiqə edim?! Axı bu mənə sərf etmir. Dotasiya da bütün xərci ödəmir ki. Hamısını ödəsə nə dərdimiz var idi.

- Nə qədər kəsiriniz qalır?

- Hardasa bir sərnişin üçün 22 qəpik kəsir qalır.

- Axı dövlətin bu qədər pulu var. Neftdən bu qədər gəlir əldə olunur. Siz demirsinizmi ki, dotasiyanı bir az artırsınlar?

- Xahiş edirəm, mənə belə sual verməyin. Bu, mənlik deyil. Yəqin ki, dövlətin maliyyə sistemində bu qədər dotasiya vermək qeyd olunub. O qədər də verilir. Sizə bir nümunə çəkim. Misal üçün, Moskva Metropoliteni işçilərinin bu gün orta aylıq əməkhaqqı 1400 dollardır. Bizdə isə bu artıq 600 dollara qalxır. Bəzi ağzıgöyçəklər deyir ki, xaricdə vəziyyət belədir-elədir. Onlar çox səhv edirlər. Bu gün Fransa, Moskva metroları bomjların məkanına çevrilib. Heç metropolitenə oxşarlığı yoxdur. Ancaq Bakı Metropoliteninə hər səhər girəndə hamı təmizliyə baxıb heyran qalır və zövq alır. Bizim metromuzdan hər gün 600 minə yaxın sərnişin istifadə edir və sıxlıq yaranır. MDB ölkələrinin metrolarının heç birində kondisioner yoxdur. İnşallah, biz gələcəkdə kondisionerli vaqonlar alacağıq. Həmin vaqonlar çox komfortludur.

- Bakı Metropoliteninin xarici görkəmini dəyişməsi üçün milyonlar xərclənir. Ancaq xidmətin səviyyəsi ən yaxşı halda yerində sayır. İnsan amilini arxa plana keçirmək nə dərəcədə düzgündür? Halbuki istinad etdiyiniz xarici ölkələrin metropolitenlərində hər şey sərnişinlərin rahatlığına hesablanır, bizdə isə xarici görkəmin yaxşılaşdırılmasına. Niyə belə kurs seçmisiniz?

- Biz vaqonları Moskvadan alırıq. Xarici ölkələrdə vaqonlar Mıtışidən 3 dəfə bahadır. Heç onların keyfiyyəti də yoxdur. Üstəlik də həmin vaqonları sürmək üçün maşinistlər yenidən kurs keçmək üçün xaricə getməlidirlər. Bütün bunlar da maliyyə tələb edir, təbii ki, bu, bizə sərf etmir.

"Yeni Müsavat" qəzeti 

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru