2.6.10

İsrail ordusunun ifrat zorakılığı

«Independent» qəzeti: «Bəlkə də İsrail ərəbləri öldürməyə alışıb, indi də türkləri öldürür, ya da avropalıları»

Yaxın Şərq. İsrail donanması Qəzzaya yardım donanmasına daxil olan və gəmilərdən yavaş səyahət etdiyinə görə donanmaya Kipr sularında qatıla bilməyən Reyçel Korri gəmisini də dayandırmağa hazırlaşır. «Qəzzaya Azadlıq» Hərəkəti tərəfindən satın alınan və zəruri təmir işlərindən sonra Qəzzada 2003-cü ildə İsrail hücumlarına etiraz zamanı İsrail buldozerinin altında qalaraq ölən Amerikalı sülh fəalı Reyçel Korrinin adı verilən gəminin dünən səhər İsrail donanmasının digər gəmilərə etdiyi basqına baxmayaraq Qəzzaya doğru yoluna davam etdiyi bildirilmişdi.

Bizim Yol qəzetinin yazarı Şahin daha sonra əlavə edir: İsrail ordu radiosunun xəbərinə görə, bir hərbi mənbə gəminin yenə lazım gələrsə, zorla dayandırılacağını bildirib. Reyçel Korri gəmisi bu gün səhər Qəzza sahillərinə çatmağı hədəfləyirdi. Gəmidən göndərilən mesajlarda digər gəmilərin başına gələnlərə baxmayaraq, bu gəmidəkilərin hamısının Qəzzaya səfərə davam etmək niyyətində olduqları bildirilmişdi. Gəmidəkilərin arasında qızğın bir Fələstin tərəfdarı olan sülh fəalı olaraq tanınan, əvvəllər də bu cür gəmi səfərlərinə qatılan Nobel mükafatı laureatı, Şimali İrlandiyalı Meyred Magura da var. Magura əvvəllər Qəzzanın mühasirəsini aradan qaldırmaq məqsədilə təşkil edilən gəmi səfərlərində İsrail tərəfindən nəzarətə alınmışdı.

Şahidlər işgəncələrdən danışdılar

Dünəndən etibarən Türkiyə vətəndaşları vətənə dönməyə başlayıblar. Onlardan biri, 13 aylıq uşağı ilə birlikdə İrsail ordusu tərəfindən nəzarətə götürülmüş S.Çətin də azad olunanlar sırasındadır. O, hadisə anını belə anladıb: «Ölənlərdən və yaralılardan neçəsinin türk və ya digər millətlərə aid olduğunu bilmirəm. Əvvəl 25 itki ilə başladıq, sonra bunlardan 11-inin öldüyü ortaya çıxdı. Yenə də verilən heç bir məlumatın doğruluğundan əmin ola bilmirik. «Mavi Mərmərə» gəmisində olanların yarısına yaxını qadın idi. Uşaq olaraq yalnız mənimki vardı. Axşam saat 22.00 radələrində İsrail gəmiləri əvvəl xəbərdarlıq dövrlərinə başladı. Tezliklə kapitana xəbərdarlıq etdilər. 2 saat davam edən xəbərdarlıq dövründən sonra gəmiden uzaqlaşdılar. Saat 04.00 radələrində gəmilərin yenidən gəldiyi xəbəri çatdı. Geri dönən kimi bir neçə dəqiqə ərzində geri qayıtmağımız mövzusunda səsli xəbərdarlıq etdilər. Mənfi cavab gəlincə xəbərdarlıq atəşinə başladılar. «Mavi Mərmərə yoluna davam edincə xəbərdarlıq atəşi hücum atəşinə çevrildi. Daha sonra səs və duman bombaları, ardından da qaz bombaları atıldı. Yuxarıdan da vertolyotlardan gəmiyə eniş başladı». S.Çətin digər gəmilərdə müqavimət olmadığı üçün personalın problemsiz bir şəkildə alındığını, ancaq «Mavi Mərmərə»nin fəlakət yaşayan gəmi olduğunu söyləyib. Gəmidə olan bəzi insanları sənəd bəhanəsi ilə nəzarətə götürdüklərini deyən Çətin hücuma guya fəal olaraq qatıldıqlarını iddia etdikləri fəalların da tutulmağa davam etdiyini və onların da böyük qisminin yaralı olduğunu qeyd edib.

İsrail deputatı utancını dilə gətirdi

Özünün hava limanına gətirildiyi zaman gəminin yavaş-yavaş boşaldılmaqda olduğunu deyən Çətin «Mətbuat mənsublarından da yaralı olaraq gördüyüm 2 adam vardı» deyə bildirib. O, dönmək istəmədiyini, yoldaşları ilə görüşməyi arzu etdiyini izah edərək «Buna baxmayaraq, körpəmin həbsxana şəraitinə dözə bilməyəcəyini söyləyərək məni ölkədən sıxardılar» deyə bildirib.
Hücum anında körpəsini kamerada yatağın içində mühafizə etdiyini deyən Çətin yaralılar da daxil olmaqla gəmidə olanların böyük bir hissəsinin qandallı olduğunu, daha sonra qadınların qandallarının açıldığını söyləyib.
Gəmidə bir İsrail qadın millət vəkilinin olduğunu dilə gətirən Çətin «Bizə inanılmaz bir kömək göstərdi. Ölkəsindən duyduğu utancı dilə gətirdi. Çıxışımıza qədər oğlumla mənə kömək etdi» deyə bildirib.
Hadisənin şahidləri İsrail ordusunun ifrat zorakılıqdan istifadə etdiyini, insanları öldürməklə yanaşı, sağ qalanları avtomat silahların qundaqları ilə vurduqlarını dilə gətiriblər.

Davudoğlu: «İsrailin hərəkətləri quldurluqdur»

BMT Təhlükəsizlik Şurası ən azı 9 adamın ölümü ilə nəticələnən hücuma görə İsraili qınayıb. Amma Türkiyənin tələbi ilə toplanan şurada saatlarla sürən müzakirələr sonunda verilən qərar Türkiyə, Fələstin və ərəb dünyasının tələblərinə cavab verməyib.
Türkiyə İsrailin ən güclü şəkildə qınanmasını istəyib və müstəqil beynəlxalq istintaqın aparılmasına çağırıb. Amma şuranın şərhində hücumlar qınanırkən tərəfsiz bir istintaq çağırışına yer verilib. Nyu Yorkda başlayan iclasların açılışında danışan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrailin hücumunu dövlət tərəfindən işlənmiş bir cinayət olaraq xarakterizə edib: «Bu cür bir yol izləyən dövlət beynəlxalq cəmiyyətdə dövlətçiliyini itirib». O, İsrailin əlinin qana bulaşdığını, hərəkətlərinin quldurluq və dövləti cinayət olduğunu söyləyib. Nazir İsrailin hücum hərəkətinin şiddətlə qınanmasını, hücumun araşdırılmasını, bütün məsul şəxslərin cəzalandırılmasını istədiyini dilə gətirib. Davudoğlu İsraildən beynəlxalq cəmiyyətdən, hücumda ölən və yaralananların ailələrindən üzr istəməsini, gəmilərin dərhal sərbəst buraxılaraq Qəzzaya daşıdıqları yardımları çatdırmalarına icazə verilməsini və Qəzzanın mühasirəsinə son verməsini tələb edib. Yığıncaqda söz alan İsrailin BMT-dəki nümayəndəsi Daniel Karmon isə «Mavi Mərmərə»yə enən İsrail əsgərlərinə bıçaq, dəyənək və digər silahlarla hücum edildiyini söyləyib.

«Guardian»: «İsrail dövlət terroru tətbiq etdi»

Bu arada beynəlxalq mətbuat İsrailin hərəkətini «dövlət terroru» kimi şərh edib. «Guardian» qəzetinin manşet yazısında «İsrail qanlı hücumun ardından dövlət terroru tətbiq etdi» şəklində fikirlərə yer verilib. Xəbərin detallarına tam 5 səhifə ayıran qəzet «İsrailin oynadığı qumarın özünə çox baha başa gələcəyini» yazıb: «Bunun əvəzi beynəlxalq sahədə daha da təklənmək və Yaxın Şərqdə həyati əhəmiyyət ifadə edən xalqla əlaqələri itirmək olacaq».
Qəzetin Yaxın Şərq redaktoru Lan Blekin analizində bildirilir ki, İsrail üzərində Qəzzanın mühasirəsini qaldırmaq və Həmasla əlaqələr qurmaq istiqamətində təzyiqlər artacaq. Ancaq Blek İsrailin siyasətində bir dəyişiklik olmayacağı fikirindədir. Ümumiyyətlə, «Guardian» qəzeti «Mühasirədən qırğına» başlıqlı manşetində xeyli sərt bir üslubdan istifadə edib. Yazı bu sətirlərlə başlayır: «Əgər Somalidə piratlar beynəlxalq sularda 6 gəmiyə çıxıb 10 yolçunu öldürsəydi və onlarla yolçunu yaralasaydı bu gün NATO-ya bağlı hərbi qüvvələr Somali sahillərinə doğru yola çıxmış olardı. Qəzza quru sularının xaricində, beynəlxalq sularda baş verənlər piratların deyil, İsrail ordusunun işi idi və bu gün İsrail sahillərinə doğru yol alan NATO gəmiləri olmayacaq. Amma bəlkə də olmalıydı». İsrail donanmasının irəli sürdüyü, özlərinə atəş açıldığı, linç edilməkdən xilas olmaq üçün cavab verdikləri barədə iddialara reaksiya verən «Guardian» soruşur: «İsrail ordusu Fələstin tərəfdarı olan fəalların nə etməsini gözləyirdi ki? Onları kapitanla birlikdə göyərtədə çay içməyə dəvət etmələrinimi?..» Qəzet manşetini İsrailə Qəzzanın mühasirəsini sona çatdırmaq və Həmasla əlaqə qurmaq çağırışı ilə bitirib.

«Financial Times»: «İsrail dənizdə boğuldu»

«Financial Times»-ın manşeti «İsrail dənizdə boğuldu» başlığı altında dərc olunub. Qəzetə görə, bu hadisə İsrailin Türkiyə ilə əlaqələrini daha da pozacaq və bu ölkənin beynəlxalq sahədə etibarına daha da zərər vuracaq. İlk olaraq Avropadan gələn reaksiyaları xatırladan «Financial Times» İsrailin bu bölgə ilə əlaqələrinin mənfi təsirlərə məruz qalacağını yazıb. Amma qəzet İsrailin Avropa hökumətlərinin reaksiyasından daha çox, Avropa ictimaiyyətinin reaksiyasından çəkindiyini vurğulayır. Bəzi İsrailli siyasətçi və əsgərlərin beynəlxalq hüququn pozulmasında ittiham edilərək həbs olunmaq və ya etiraza məruz qalmaq qorxusu ilə onsuz da Avropaya getmək istəmədiklərini xatırladan qəzet son hücumun ardından Madrid və ya London kimi paytaxtlarda çox da dostyana qarşılanmayacaqlarını qələmə alıb. Yazıda BMT Təhlükəsizlik Şurasına çağırış edilərək İsrailə artıq çox uzağa getdiyinin açıqca deyilməsi tələb olunur.

«Times»: «Açıq dənizlərdə ölüm»

«Times» qəzeti «Açıq dənizlərdə ölüm» başlıqlı manşetlə çıxıb: «Əsgərləri vertolyotdan endirərək onları hücum təhlükəsinə açıq hala gətirmək məntiqli idimi? Türk vətəndaşlarını hədəfə alaraq, bir zamanlar yaxın siyasi və hərbi əlaqələrə sahib olduğu müsəlman qonşusu ilə əlaqələri daha da pozmaq siyasi baxımdan ağıllı bir addım idimi? Məktəb uşaqları üçün boya qələmi, xəstəxanalar üçün dərman, bombalarınn yıxdığı evlərin təmiri üçün sement daşıyan gəmilərə maneə törətməyə çalışmaq xalqla əlaqələr baxımından yaxşı bir fikir idimi?»

«Independent»: «İndi də türkləri və ya avropalıları öldürürlər»

«Independent» qəzeti «İsrailin hücum-gəmi diplomatiyası qlobal qəzəbə səbəb oldu» başlıqlı məqaləsində İsrailin müdaxiləsinin Türkiyə ilə əlaqələrə böyük zərbə endirdiyi vurğulanır: «Türkiyə bu anda Yaxın Şərqdə keçmişdə olduğundan daha güclü bir müttəfiqdir. Amerika əsgərlərinin daha rahat bir şəkildə çəkilməsinə yardımçı olaraq İraqda həyati bir rolu boynuna götürüb. Üstəlik, Ankaranın İsraillə ittifaqı, Amerikanın Yaxın Şərq siyasətinin ən əhəmiyyətli istiqamətlərindən biri olub». «Siyasətçilərimiz haradadır? Bu nöqtəyə necə gəldik?» deyə soruşan qəzetin cavabı isə belədir: «Bəlkə də hamımız İsrailin ərəbləri öldürməsinə alışmışıq. Bəlkə də İsrail ərəbləri öldürməyə alışıb. İndi də türkləri öldürür. Ya da avropalıları. Son 24 saatda Yaxın Şərqdə bir şey dəyişdi və israillilər bu qırğına verdikləri son dərəcə axmaq reaksiya fonunda olan-bitəni qavraya bilməmiş kimi görünür. Dünya artıq bu zorbalıqdan bezib usandı. Siyasətçilər səssiz olsa da...»

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru